News

19 Feb
İdarəetmə Komitəsinin 3-cü iclası keçirilib

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 3-cü iclası keçirilib.

 

İclasda Fransa, Litva və Latviyadan və benefisiar tərəfdən olan layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyinin layihənin müxtəlif komponentlərini kordinasiya edən əməkdaşları, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları iştirak edib.

 

Layihənin Azərbaycan üzrə rəhbəri, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov iclası açıq elan edərək ötən rübün layihə çərçivəsində görülən işlər baxımından çox məhsuldar olduğunu bildirib.

 

Layihə rəhbəri son rüb ərzində ölkənin ali təhsil sistemində qanunvericilik səviyyəsində baş verən yeniliklər, eləcə də ölkə prezidenti tərəfindən təsdiq olunan “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” adlı sənəd barədə məlumat verib.

 

Layihə rəhbəri eləcə də layihənin hər bir komponenti üzrə görülmüş işlərdən söz açıb.

 

Daha sonra layihənin Fransada üzrə rəhbəri, Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvadan olan layihə rəhbəri, Litvanın Təhsil, Elm və İdman Nazirliyinin əməkdaşı Giedrius Viliunas və Latviyadan olan rəhbəri, Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış ediblər.

 

Fransadan layihə rəhbəri Bruno Kurval bir daha layihə çərçivəsində Bakıya səfər etməkdən və layihə tərəfindən görülmüş işlərin şahidi olmaqdan məmnun olduğunu ifadə edib.

 

Layihənin Fransa üzrə rezident koordinatoru Liza Baydanova üçüncü rübdə görülən işlərin xülasəsini apararaq növbəti dördüncü rüb ərzində planlaşdırılan tədbirlər barədə qısa məlumat verib.

Sonda Komitə üzvləri tərəfindən növbəti iclasın 2019-cu ilin may ayının sonlarında keçirilməsi ilə bağlı qərar qəbul edilib. 

Photos