News

21 May
Idarəetmə Komitəsinin 4-cü iclası keçirilib

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 4-cü iclası keçirilib.

 

İclasda Fransa, Litva və Latviyadan və benefisiar tərəfdən olan layihə rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyinin layihənin müxtəlif komponentlərini kordinasiya edən əməkdaşları, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları iştirak edib.

 

Layihənin kordinatorunun tərəf müqabili, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali təhsil sektorunun müdiri Yaşar Ömərov iclası açıq elan edərək ötən rübün layihə çərçivəsində görülən işlər baxımından çox məhsuldar olduğunu bildirib.

 

Ömərov layihənin dördüncü rübünün qısa xülasəsini verib və son rübdə həyata keçirilən tədbirlərin və iştirakçı sayının statistikasını təqdim edib. “Layihə çərçivəsində fəaliyyətlər heç bir gecikmə olmadan həyata keçirilir. Planlaşdırılan fəaliyyətləri həyata keçirmək üçün qarşıda hələ bir il var,” deyə Ömərov vurğulayıb.

 

Daha sonra layihənin rezident koordinatoru Liza Baydanova dördüncü rübdə görülən işlərin xülasəsini apararaq növbəti beşinci rüb ərzində planlaşdırılan tədbirlər barədə qısa məlumat verib.

 

Bundan başqa, layihənin benefisiar tərəfindən komponent rəhbərləri öz komponentləri çərçivəsində görülən işlər barədə məlumat veriblər.

 

1-ci komponentin rəhbəri, Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova layihənin texniki şərtinin hazırlanmasından sonra ötən dövr ərzində ali təhsil müstəvisində bir çox dəyişikliklərin baş verdiyini və layihənin bu baxımdan çeviklik nümayiş etdirdiyini vurğulayıb və layihəyə öz təşəkkürünü bildirib.  

Sonda Komitə üzvləri tərəfindən İdarəetmə Komitəsinin növbəti iclasının 2019-cu ilin sentyabr ayının ortalarında keçirilməsi ilə bağlı qərar qəbul edilib.  

Photos