News

11 Feb
AKTS kreditlərinin tətbiqi üzrə təlimat sənədi hazırlanacaq

Tvinninq layihəsinin “Kredit sistemi ilə bağlı hüquqi sənədlərə düzəlişlərin edilməsi yolu ilə kreditlərin təlim nəticələri və tələbənin dərs yükünə əsaslanmasının təmin edilməsi” adlı 4.4 saylı Fəaliyyəti çərçivəsində birinci missiya 3-7 fevral 2020-ci il tarixlərində baş tutmuşdur.

Sözügedən Fəaliyyət çərçivəsində missiya Fransanın Lion 2 Universitetinin hal-hazırda təqaüddə olan professoru Jean-Luc Lamboley tərəfindən həyata keçirilmişdir.

Missiyanın əsas məqsədi Azərbaycan universitetlərində tədris prosesində AKTS (Avropa Kredit Transferi Sistemi) kreditlərinin tətbiqinin asanlaşdırılması məqsədi ilə təlimat kitabçasının hazırlanması olmuşdur. Bundan başqa, hazırlanacaq həmin sənədin məqsədi xaricdəki təhsil müddətləri zamanı əldə olunmuş kreditlərin universitetlər tərəfindən tanınmasını asanlaşdırmaq, beləliklə də tələbə mobilliyini daha da təşviq etməkdir.    

Bu məqsədlə fransalı ekspert universitetlərdə tədris prosesinin nizamlanması ilə bağlı başlıca sənədləri nəzərdən keçirmiş, eləcə də universitetlərdə tələbə mobilliyi və AKTS kreditlərinin tanınmasına cavabdeh olan struktur bölmələrinin nümayəndələri ilə görüşmüş və onların bu sahədə üzləşdiyi çətinliklərlə tanış olmuşdur.  

Bundan başqa, ekspert Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları ilə görüşmüş və ölkə universitetlərində kredit sisteminin tətbiqi ilə bağlı cari vəziyyət barədə məlumat toplamışdır.

Tvinninq layihəsinin eksperti missiyanın nəticəsi olaraq hazırlayacağı sənədi Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim edəcəkdir.

 

 

 

 

 

 

 

 

Photos