News

09 Dec
Kimya mühəndisliyi proqramının pilot qiymətləndirilməsi aparılıb

2-7 dekabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “Hər bir pilot universitetdə prioritet sahədən olan təhsil proqramının simulyativ akkreditasiyasının həyata keçirilməsi” adlanan 3.7 saylı fəaliyyəti çərçivəsində sayca dördüncü missiya həyata keçirilmişdir.

Missiya Latviyanın Ali təhsidə keyfiyyət agentliyinin direktoru Jolanta Silka və Fransanın Strasburq Universitetinin professoru Jean-Marc Planeix tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi Tvinninq layihəsinin pilot universitetləri olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetində Kimya mühəndisliyi ixtisası üzrə tədris olunan təhsil proqramlarının simulyativ qiymətləndirilməsinin aparılması olmuşdur.

Yuxarıda qeyd olunan təhsil proqramlarının simulyativ qiymətləndirilməsinə cəlb olunmuş ekspert qrupu iki sahə ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), iki keyfiyyət təminatı ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), bir tələbə və bir işəgötürəndən təşkilatın nümayəndəsindən ibarət olmuşdur.

Missiyanın ilk günü ekspertlər Təhsil Nazirliyinin Akkreditasiya şöbəsində toplaşaraq ATM-lərin Kimya Mühəndisliyi proqramı üzrə təqdim etdikləri özünütəhlil hesabatlarını müzakirə etmiş, müsahiblər zamanı veriləcək sualları üzərində iş aparmış və digər lazimi hazırlıqları aparmışlar.

Daha sonra ekspertlər hər dörd universitetə bir günlük səfər etmişlər. Sahə səfərləri çərçivəsində universitetlərin rəhbərliyi, özünütəhlil hesabatını hazırlayan qrupun üzvləri, tələbələr, həmin proqramı bitirmiş məzunlar və işəgötürən təşkilatların nümayəndələri ilə müsahibələr keçirilmişdir. Ekspertlər həmçinin Kimya mühəndisliyi təhsil proqramının tədrisində istifadə olunan maddi-texniki bazanı qiymətləndirmək məqsədi ilə universitetlərin auditoriyalarına və laboratoriyalarlna baxış keçirmişlər.

Simulyativ qiymətləndirmənin nəticəsi olaraq ekspert qrupu tərəfindən hər bir pilot universitetdəki Kimya mühəndisliyi təhsil proqramı üzrə yekun qiymətləndirmə hesabatı hazırlanaraq həmin proqramın daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr veriləcəkdir.

Tvinninq layihəsi çərçivəsində pilot olaraq seçilən digər təhsil proqramlarının (İnformatika müəllimliyi, Kompüter elmləri və Xarici dil müəllimliyi) simulyativ qiymətləndirilməsi növbəti həftələrdə davam edəcək.