News

05 Nov
Kompüter mühəndisliyi proqramının pilot qiymətləndirilməsi aparılıb

28 oktyabr-2 noyabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “Hər bir pilot universitetdə prioritet sahədən olan təhsil proqramının simulyativ akkreditasiyasının həyata keçirilməsi” adlanan 3.7 saylı fəaliyyəti çərçivəsində ilk missiya həyata keçirilmişdir.

Missiya Litvanın İSM Menecment və İqtisadiyyat Universitetinin Keyfiyyət təminati mərkəzinin direktoru Jolita Butkiene və Litvanın Kaunas Texnologiya Universitetinin professoru Audrius Lopata tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi Tvinninq layihəsi çərçivəsində seçilmiş pilot universitetlər olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə tədris olunan təhsil proqramının simulyativ qiymətləndirilməsinin aparılması olmuşdur.

Yuxarıda adı qeyd olunan təhsil proqramının simulyativ qiymətləndirilməsinə cəlb olunmuş ekspert qrupu iki sahə ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), iki keyfiyyət təminatı ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), bir tələbə və bir işəgötürəndən təşkilatın nümayəndəsindən ibarət olmuşdur.

Missiyanın ilk günü ekspertlər Təhsil Nazirliyinin Akkreditasiya Şöbəsində toplaşaraq ATM-lərin Kompüter mühəndisliyi proqramları üzrə təqdim etdikləri özünütəhlil hesabatlarını və digər sənədləri müzakirə etmiş və simulyativ qiymətləndirməyə hazırlaşmışlar.

Daha sonra ekspertlər hər dörd universitetə bir günlük səfər etmişlər. Sahə səfərləri çərçivəsində universitetlərin rəhbərliyi, özünütəhlil hesabatını hazırlayan qrupun üzvləri, tələbələr və işəgötürən təşkilatların nümayəndələri ilə müsahibələr keçirilmişdir. Ekspertlər həmçinin Kompüter mühəndisliyi təhsil proqramlarının tədrisində istifadə olunan maddi-texniki bazanı qiymətləndirmək məqsədi ilə universitetlərin auditoriyalarına və kompüter otaqlarına baxış keçirmişlər.

Simulyativ qiymətləndirmənin nəticəsi olaraq ekspert qrupu tərəfindən hər bir pilot universitetdəki Kompüter mühəndisliyi təhsil proqramı üzrə yekun qiymətləndirmə hesabatı hazırlanacaq və həmin proqramın yaxşılaşdırılması üçün tövsiyələr veriləcəkdir.

Tvinninq layhəsi çərçivəsində pilot olaraq seçilən digər təhsil proqramlarının simulyativ qiymətləndirilməsi növbəti həftələrdə davam edəcək.