News

14 Jan
Üç pilot universitetdə Kompüter elmləri proqramının simulyativ qiymətləndirilməsi aparılıb

6-10 yanvar 2020-ci il tarixlərində Tvinninq layihəsinin “Hər bir pilot universitetdə prioritet sahədən olan təhsil proqramının simulyativ akkreditasiyasının həyata keçirilməsi” adlanan 3.7 saylı fəaliyyəti çərçivəsində sayca altıncı missiya həyata keçirilmişdir.

Missiya Fransanın Strasburq Universitetinin professoru Pierre Collet və Litvanın Vilnüs Gediminas Texniki Universitetinin Tədris İşləri üzrə mərkəzinin direktoru Nora Skaburskiene tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi Tvinninq layihəsinin pilot universitetləri olan Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində Kompüter elmləri ixtisası üzrə tədris olunan təhsil proqramlarının simulyativ qiymətləndirilməsinin aparılması olmuşdur.

Yuxarıda qeyd olunan təhsil proqramının simulyativ qiymətləndirilməsinə cəlb olunmuş ekspert qrupu iki sahə ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), iki keyfiyyət təminatı ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), bir tələbə və bir işəgötürəndən təşkilatın nümayəndəsindən ibarət olmuşdur.

Missiyanın ilk günü ekspertlər Təhsil Nazirliyinin Akkreditasiya şöbəsində toplaşaraq ATM-lərin Kompüter elmləri proqramı üzrə təqdim etdikləri özünütəhlil hesabatlarını müzakirə etmiş, müsahibələr zamanı veriləcək sualları üzərində iş aparmış və digər lazimi hazırlıqları aparmışlar.

Daha sonra ekspertlər hər üç universitetə bir günlük səfər etmişlər. Sahə səfərləri çərçivəsində universitetlərin rəhbərliyi, özünütəhlil hesabatını hazırlayan qrupun üzvləri, həmin tədris proqramının tədrisininə cəlb olunmuş professor-müəllim heyəti, tələbələr, proqramı bitirmiş məzunlar və işəgötürən təşkilatların nümayəndələri ilə müsahibələr keçirilmişdir. Ekspertlər həmçinin Kompüter elmləri təhsil proqramının tədrisində istifadə olunan maddi-texniki bazanı qiymətləndirmək məqsədi ilə universitetlərin auditoriyalarına və laboratoriyalarlna baxış keçirmişlər.

Simulyativ qiymətləndirmənin nəticəsi olaraq ekspert qrupu tərəfindən hər bir pilot universitetdəki Kompüter elmləri təhsil proqramı üzrə yekun qiymətləndirmə hesabatı hazırlanaraq həmin proqramın daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr veriləcəkdir.