News

21 Jan
Dörd universitetdə Xarici dil müəllimliyi proqramının smulyativ qiymətləndirilmsi aparılıb

13-18 yanvar 2020-ci il tarixlərində Tvinninq layihəsinin “Hər bir pilot universitetdə prioritet sahədən olan təhsil proqramının simulyativ akkreditasiyasının həyata keçirilməsi” adlanan 3.7 saylı fəaliyyəti çərçivəsində sayca yeddinci missiya həyata keçirilmişdir.  

Missiya Fransanın Ali Təhsil və Tədqiqatın Qiymətləndirilməsi üzrə Agentliyinin qiymətləndirmə üzrə eksperti Michelle Houppe və Fransanın Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr üzrə İnstitutunun hal-hazırda təqaüddə olan direktoru Eckhart Hotzel tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi Tvinninq layihəsinin pilot universitetləri olan Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və Xəzər Universitetində Xarici dil müəllimliyi ixtisası üzrə tədris olunan təhsil proqramlarının simulyativ qiymətləndirilməsinin aparılması olmuşdur.

Yuxarıda qeyd olunan təhsil proqramının simulyativ qiymətləndirilməsinə cəlb olunmuş ekspert qrupu iki sahə ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), iki keyfiyyət təminatı ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), bir tələbə və bir işəgötürəndən təşkilatın nümayəndəsindən ibarət olmuşdur.

Missiyanın ilk günü ekspertlər Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyində toplaşaraq ATM-lərin Xarici dil müəllimliyi proqramı üzrə təqdim etdikləri özünütəhlil hesabatlarını müzakirə etmiş, müsahibələr zamanı veriləcək sualları üzərində iş aparmış və digər lazimi hazırlıqları aparmışlar.

Daha sonra ekspertlər hər dörd universitetə bir günlük səfər etmişlər. Sahə səfərləri çərçivəsində universitetlərin rəhbərliyi, özünütəhlil hesabatını hazırlayan qrupun üzvləri, həmin tədris proqramının tədrisininə cəlb olunmuş professor-müəllim heyəti, tələbələr, proqramı bitirmiş məzunlar və işəgötürən təşkilatların nümayəndələri ilə müsahibələr keçirilmişdir. Ekspertlər həmçinin Xarici dil müəllimliyi təhsil proqramının tədrisində istifadə olunan maddi-texniki bazanın qiymətləndirilməsi məqsədi ilə universitetlərin auditoriyalarına və laboratoriyalarına baxış keçirmişlər.

Bu, Tvinninq layihəsi və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən pilot ixtisaslar üzrə birgə həyata keçirilən sonuncu simulyativ qiymətləndirmə idi. Bu günədək bu pilot qiymətləndirmə çərçivəsində ümumilikdə yeddi universitetdə yeddi təhsil proqramının simulyativ akkreditasiyası aparılmışdır. Bu prosesin nəticəsi olaraq qiymətləndirilmiş hər bir təhsil proqramı üzrə Tvinninq layihəsinin ekspertləri tərəfindən yekun hesabat yazılacaqdır. Hesabatlarda ekspert komissiyası tərəfindən həmin proqramların tədrisində aşkar edilmiş zəif və güclü tərəflər göstərilməklə, zəif tərəflərin yaxşılaşdırılması istiqamətində ali təhsil müəssisələrinə tövsiyələr veriləcəkdir.