News

28 Jun
Tələbə əsaslı təhsil və doktrantura təhsili ilə bağlı iki paralel missiya həyata keçirilib

          24-28 iyun 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyaları həyata keçirilmişdir.
         Layihənin “Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə təkmilləşdirilməsi” adlı  ikinci komponenti  çərçivəsində ölkəmizə Fransanın Saint-Quentin en Yvelines – Versailles Universitetinin Davamlı təhsil şöbəsinin direktoru Murad Attarsa, Litvanın  Vytautas Magnus Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru İlona Kazlauskaitė və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti İlva Grigoryeva səfər etmişlər.
          Missiyanın məqsədi layihə çərçivəsində pilot olaraq seçilmiş ali təhsil müəssisələrində ali təhsildə tələbə əsaslı yanaşma mövzusunda seminarların təşkili olmuşdur.
            Missiya çərçivəsində təşkil olunan seminarlarda Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti və Xəzər Universiteti təmsil edən nümayəndələr iştirak etmiş, layihənin ekspertləri təmsil etdikləri ölkələrin ali təhsil müəssisələrində tələbə əsaslı yanaşma sahəsində mövcud qabaqcıl təcrübəni paylaşmış, eləcə də yerli universitetlərdə bu sahədəi mövcud təcrübəni öyrənmişlər.
            Sözügedən seminarlarda ümumilikdə 100-dən çox universitet nümayəndəsi iştirak etmişdir.   Missiyanın sonunda ekspertlər yerli universitetlərdə tələbə əsaslı yanaşmanın daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr vermişlər.
             Digər bir missiya isə layihənin “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı  dördüncü komponenti  çərçivəsində həyata keçirilmişdir. Missiya çərçivəsində ölkəmizə Litvanın Kaunas Texnologiya Universitetinin Tədqiqat və innovasiyalar üzrə prorektoru Leonas Balasevicius səfər etmişdir.
               Missiyanın məqsədi Azərbaycanda doktorantura təhsili sahəsində qanunvericiliyin nəzərdən keçirilməsi və təkmilləşdirilməli olan sahələrlə bağlı  tövsiyələrin verilməsi olmuşdur. Missiya zamanın litvalı ekspert Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müvafiq nümayəndələri ilə birgə iş aparmış və Azərbaycanda doktorantura təhsilinin Avropa Kredit Transferi Sistemi əsasında qurulması ilə bağlı müfəssəl tövsiyələr işləyib hazırlamışdır.