News

24 Jun
Özünütəhlil hesabatlarının yekun variantının hazırlanması məqsədi ilə pilot ATM-lərlə iş aparılıb

17- 21 iyun 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində ölkəmizə Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin (ISM University of Economic and Management) Keyfiyyət Mərkəzinin direktoru Yolita Butkiene, həmin ölkənin Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktor müavini Yolanta Silka səfər etmişlər.   

Missiyanın məqsədi pilot olaraq seçilmiş ali təhsil müəssisələrini özünütəhlil hesabatlarının yazılması prosesində dəstəkləmək olmuşdur.

Missiya zamanı pilot ATM-lərdən konkret təhsil proqramları üzrə (kimya mühəndisliyi, kompüter mühəndisliyi, Fizika, Kompüter elmləri, Xarici Dil Müəllimliyi, İnformatika/Riyaziyyat müəllimliyi) özünütəhlil hesabatları yazmış universitet nümayəndələri ilə görüşlər keçirilmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunmuş görüşlər zamanı Tvinninq layihəsinin ekspertləri özünütəhlil hesabatını yazmış qruplarla ayrı-ayrılıqda görüşlər keçirmiş, yazılmış hesabatların ikinci variantı üzərində müzakirələr aparılmış və ekspertlər tərəfindən hesabatların daha da təkmilləşdirilməsi məqsədi ilə tövsiyələr verilmişdir.

Qeyd edək ki, sözügedən pilot prosesdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Xəzər Universiteti iştirak etmişdir. Bu universitetlərdə tədris olunan müvafiq ixtisasları təmsil edən işçi qruplar tərəfindən iki mərhələdə ingilis dilində özünütəhlil hesabatı yazılmışdır. Hesabatlarının yekun variantının cari ilin iyul ayının ortalarında təhvil verilməsi gözlənilir. Bu prosesdə universitetlərə Tvinninq layihəsi və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən geniş dəstək göstərilmişdir.

Yazılmış özünütəhlil hesabatları əsasında həmin pilot universitetlərdə müvafiq ixtisasların bu ilin payızında pilot akkreditasiyasının aparılması gözlənilir.