News

15 Mar
Pilot universitetlər özünü təhlil hesabatının yazılması sahəsində təlimləndirilib

11-15 mart 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində ölkəmizə Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin (ISM University of Economic and Management) Keyfiyyət Mərkəzinin direktoru Yolita Butkiene və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti Asnate Kazoka səfər etmişlər.

Missiyanın məqsədi pilot olaraq seçilmiş ali təhsil müəssisələrinin professor-müəllim heyətinin təhsil proqramlarının özünü qiymətləndirmə prosesinin aparılması sahəsində təlimləndirilməsi olmuşdur.

Missiya zamanı layihə çərçivəsində pilot olaraq seçilmiş ali təhsil müəssisələrində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti) Təbiət ixtisasları, Texniki və Texnoloji ixtisaslar və Pedaqoji ixtisaslar qrupundan pilot olaraq seçilmiş təhsil proqramlarını təmsil edən şəxslər (kafedra müdiri/müdir müavini, dekan/dekan müavinləri, professor-müəllim heyəti) iştirakı ilə təhsil proqramlarının özünü qiymətləndirmə hesabatının yazılmasına dair  təlimlər, daha sonra isə təlimlərdə iştirak etmiş şəxslərlə eyni mövzuda ümumi müzakirələrin aparılması məqsədi ilə plenar iclas keçirilmişdir. 

Keçirilmiş təlimlər zamanı Tvinninq layihəsi çərçivəsində daha əvvəlki missiyalar zamanı işlənib hazırlanmış “Təhsil proqramlarında səriştə əsaslı və tələbə yönümlü yanaşmanın özünü təhlili üzrə təlimatlar” adlı sənəd ali təhsil müəssisələrinin diqqətinə çatdırılmışdır. Təlimlərdə ümumilikdə 128 nəfər universitet nümayəndəsi (BDU, ADPU, AzTU, BMU, ADNSU, SDU) iştirak etmişdir.

Universitetlər tərəfindən yazılacaq özünü təhlil hesabatının ən son variantının iyun ayının sonlarında təhvil verilməsi gözlənilir. Hesabatın yazılmasında sözügedən universitetlərə Tvinninq layihəsinin ekspertləri və Akkreditasiya şöbəsi tərəfindən yaxından dəstək göstərəcəkdir.