News

27 Dec
Yenilənmiş təhsil proqramları universitet nümayəndələri ilə müzakirə olunub

24-27 dekabr 2019-cu il tarixlərində Təhsil Nazirliyində Tvinninq layihəsi çərçivəsində yenidən işlənib hazırlanmış təhsil proqramlarının müzakirəsi keçirilib.

Təbiət, mühəndislik, İT və pedaqoji ixtisaslar qrupundan olan 15 təhsil proqramının müzakirəsi məqsədi ilə həmin ixtisasların tədris olunduğu universitetlərin müvafiq nümayəndələri ilə dəyirmi masa təşkil olunmuşdur.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşlarının və Tvinninq layihəsinin Rezident Tvinninq Müşavirinin də iştirak etdiyi müzakirələr zamanı müxtəlif universitetləri təmsil edən işçi qruplar yenilənmiş təhsil proqramları ilə bağlı öz fikir və təkliflərini səsləndirmiş, hazırlanmış sənəd layihələrinin daha da təkmilləşdirilməsi istiqamətində öz tövsiyələrini vermişlər.

Müzakirələrin nəticəsi olaraq ayrı-ayrı işçi qruplarından müvafiq təhsil proqramları üzrə təkliflərini öz aralarında razılaşdırmaları və növbətin ilin fevral ayına qədər yazılı şəkildə Təhsil Nazirliyinə təqdim etmələri barədə qərar qəbul olunub.