News

24 Dec
Pilot universitetlərin strateji planlarının yenilənməsi istiqamətində iş aparılıb

1-20 dekabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “Ən azı 5 ölkədə  (Avropa və dünya miqyasında) universitetlərin idarə edilməsi sahəsindəki mövcud qabaqcıl təcrübəyə uyğun olaraq üç pilot universitetdə idarəetmə sisteminin qiymətləndirilməsi” adlı 4.5 saylı Fəaliyyəti çərçivəsində ilk missiya həyata keçirilmişdir.

Yuxarıda qeyd olunan missiya çərçivəsində Bakıya 2012-2017-ci illərdə fransız-türk universiteti olan Qalatasaray Universitetinin Fransa tərəfindən rektoru vəzifəsini icra etmiş, hazırda isə təqaüddə olan professor Jean-Jacques Paul səfər etmişdir.

Missiyanın məqsədi tələbələrə əsaslanan kurikulumların hazırlanmasını və nəzərdən keçirilməsini dəstəkləyən ən qabaqcıl yanaşmaların təmin edilməsi məqsədi ilə üç pilot universitetdə idarəetmə sisteminin, xüsusi ilə tələbələrin universitetin idarəetməsində iştirakının qiymətləndirilməsi və bu sistemin təkmilləşdirilməsi istiqamətin təkliflərin hazırlanması olmuşdur.

Missiya çərçivəsində ekspert Azərbaycan universitetlərində mövcud idarəetmə sistemi barədə daha ətraflı məlumat əldə etmək məqsədi ilə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsli şöbəsi, eləcə də Maliyyə şöbəsinin əməkdaşları ilə görüşlər keçirmişdir.

Həmçinin ekspert Sumqayıt Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetində hal-hazırda tətbiq olunan cari strateji planlarını nəzərdən keçirmişdir.

Daha sonra ekspert yuxarıda qeyd olunan universitetlərə səfər etmiş, universitet rəhbərliyi ilə görüşlər keçirmiş, cari strateji planların həyata keçirilməsi ilə bağlı məsələləri, eləcə də onların milli və qlobal ali təhsil sistemindəki ən son yeniliklərə uyğunlaşdırılması məqsədi ilə yenilənməsi istiqamətində müzakirələr aparmışdır.

Daha sonra isə ekspert hər bir universitetin nümayəndələri ilə iççi sessiyalar keçirmiş və Avropa universitetlərindən strateji planların hazırlanması üzrə qabaqcıl təcrübəni onların diqqətinə çatdırmışdır. Cənab Paul həmçinin universitet nümayəndələri ilə birgə iş aparmiş və nəticədə yuxarıda qeyd olunan hər bir universitet üzrə qabaqcıl təcrübələrin nəzərə alındığı yeni strateji plan layihəsi hazırlamışdır.

Universitetlər tərəfindən artıq hazırlanmış strateji plan layihələləri üzərində işin davam etdirilməsi və görüləcək işin nəticəsinin 2020-ci il fevral ayında bu fəaliyyət çərçivəsində Azərbaycana səfər edəcək digər bir ekspert tərəfindən nəzərdən keçirilməsi nəzərdə tutulub.