News

21 Oct
Təhsil proqramları üzrə dövlət standartları yenilənməkdə davam edir

8-14 oktyabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla və kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 saylı Fəaliyyəti çərçivəsində sayca səkkizinci missiya həyata keçirilmişdir.  

 

Missiya Latviya Universitetinin Təhsildə İnnovasiya üzrə Fənlərarası Mərkəzinin direktoru Dace Namsone, Latviya Universitetinin Coğrafiya və Torpaqşünaslıq fakültəsinin professoru Zaiga Krišjāne, Fransanın Ren 1 Universitetinin professoru Francoise Robin-Le Guen və Latviya Universitetinin Sənaye, Elektronika və Elektrik Texnologiyası şöbəsinin aparıcı tədqiqatçısı Aigars Vitols tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi müvafiq olaraq Kimya müəllimliyi, Coğrafiya, Neft və Qaz Mühəndisliyi və Elektrik Mühəndisliyi  ixtisasları üzrə dövlət standartlarının yenilənməsindən ibarət olmuşdur.

 

Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universitetində yuxarıda qeyd olunan ixtisasların tədrisi üzrə ixtisaslaşmış professor-müəllim heyəti ilə görüşmüş, sözügedən standartların yenilənməsi ilə bağlı onların rəylərini və təkliflərini öyrənmişlər.

 

Bundan başqa, ekspertlər yuxarıda qeyd olunan universitetlərin müvafiq fakültələrində olmuş və daha çox sayda professor-müəllim heyəti ilə görüşərək müzakirələr aparmış, bu ixtisasların tədrisində istifadə olunan maddi-texniki baza ilə tanış olmuşlar.

 

Missiya nəticəsində ekspertlər yuxarıdakı ixtisaslar üzrə dövlət standartlarında əksini tapmış peşə kompetensiyalarını yeniləmiş, burada maddi-texniki baza üzrə minimal tələbləri və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən etmişlər. Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış  yeni formatından istifadə etmişlər.

 

Ekspertlər həmçinin ayrı-ayrı universitetlərdə qeyd olunan ixtisasların tədrisinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr işləyib hazırlamışlar.