News

19 Feb
Litva və Latviyaya təlim səfəri həyata keçirilib

11-15 fevral 2019-cu il tarixlərində Təhsil Nazirliyini və Tvinninq layihəsinin pilot olaraq seçilmiş yerli ali təhsil müəssisələrini təmsil edən 7 nəfərdən ibarət nümayəndə heyəti Litva və Latviyada təlim səfərində olmuşdur.

Təlim səfərinin məqsədi kompetensiyalara əsaslanan təhsil standartlarının dövlət və institusional səviyyədə icrası,  tələbələrə əsaslanan təlim və təlim nəticələri, ali təhsil sisteminin Bolonya kontekstində inkişafı və ali təhsil proqramlarının təsnifatı sahəsində həmin ölkələrdə mövcud təcrübə ilə yaxından tanışlıq olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Litvanın Təhsil, Elm və İdman Nazirliyində, Ali Təhsildə Keyfiyyət Qiymətləndirməsi üzrə Mərkəzdə, Vilnüs Gediminas Texniki Universitetində və Vilnus Universitetində olmuş, kompetensiyalara əsaslanan təhsilin həyata keçirilməsi sahəsində qarşıya çıxan çətinliklər və əldə olunmuş nailiyyətlər barədə məlumatlandırılmışlar.

Bundan başqa, nümayəndə heyətinin üzvləri Latviyanın Təhsil və Elm Nazirliyinə səfər etmiş, peşə standartları və dövlət ali təhsil standartlarının kompetensiyalara əsaslanan yanaşmanı nəzərə almaqla işlənib hazırlanması sahəsində Latviya təcrübəsi ilə tanış olmuşlar.

Riqa Texniki Universiteti və Latviya Universitetinə səfər zaman isə kompetensiyalara əsaslanan yanaşmanın təbiət elmləri üzrə təhsil proqramlarında tətbiqi ilə bağlı Latviya təcrübəsini öyrənmişlər.

Təlim səfərinin yekunu olaraq nümayəndə heyətinin üzvləri birgə müzakirələr aparmış və səfərin nəticələri barədə hesabat yazmışlar.