News

14 Oct
Daha üç ixtisas üzrə dövlət standartları yenilənmişdir

7 - 11 oktyabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla və kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 saylı Fəaliyyəti çərçivəsində sayca yeddinci missiya həyata keçirilmişdir.  

 

Missiya Latviya Universitetinin Məktəbəqədər təhsil və ibtidai təhsil kafedrasının rəhbəri İneta Helmane, Latviya Universitetinin baş elmi işçisi Antra Ozola və həmin universitetin Fizika, Riyaziyyat və Optometriya Fakültəsinin layihə üzrə koordinatoru Janis Mencis tərəfindən həyata keçirilmişdir.

 

Missiyanın məqsədi müvafiq olaraq İbtidai sinif müəllimliyi, İnformatika müəllimliyi və Riyaziyyat müəllimliyi ixtisasları üzrə dövlət standartının yenilənməsindən ibarət olmuşdur.

 

Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetində yuxarıda qeyd olunan ixtisasların tədrisi üzrə ixtisaslaşmış professor-müəllim heyəti ilə görüşmüş, sözügedən standartların yenilənməsi ilə bağlı onların rəylərini və təkliflərini öyrənmişlər.

 

Bundan başqa, ekspertlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi fakültəsində, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi üzrə ixtisaslaşmış fakültələrində olmuş, daha çox sayda professor-müəllim heyəti ilə görüşərək müzakirələr aparmış, bu ixtisasların tədrisində istifadə olunan maddi-texniki baza ilə tanış olmuşlar.

 

Missiya nəticəsində ekspertlər yuxarıdakı ixtisaslar üzrə dövlət standartlarında əksini tapmış peşə kompetensiyalarını yeniləmiş, burada maddi-texniki baza üzrə minimal tələbləri və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən etmişlər.

 

Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış  yeni formatından istifadə etmişlər.

 

Ekspertlər həmçinin ayrı-ayrı universitetlərdə qeyd olunan ixtisasların tədrisinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr işləyib hazırlamışlar.