News

22 Feb
Pilot ATM-lərdə səriştəyə əsaslanan və tələbə yönümlü təhsil proqramları ilə bağlı seminarlar keçirilib

18-22 fevral 2019-cu il tarixlərində Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Təhsil Nazirliyində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Layihənin “Seçilmiş Milli Təhsil Proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci komponenti  çərçivəsində ölkəmizə Latviyanın Riga Stradiņš Universitetinin Tədris məsələləri üzrə prorektoru Tatyana Koke səfər etmişdir.

Missiyanın məqsədi layihə çərçivəsində müəyyən edilmiş prioritet sahələrdəki ixtisaslar üzrə ali təhsil proqramlarının ötən missiyalar zamanı işlənib hazırlanmış yeni formatının yenidən nəzərdən keçirilməsi və daha da təkmilləşdirilməsi və pilot olaraq seçilmiş ali təhsil müəssisələrində səriştə əsaslı və tələbə yönümlü təhsil proqramlarının işlənməsi sahəsində potensialın artırılması olmuşdur.

Missiya çərçivəsində latviyalı ekspert Bakı Dövlət Universitetinin təbiət ixtisasları üzrə işçi qrupu ilə görüşmüş və eləcə də sözügedən təhsil proqramlarının yeni formatının təkmilləşdirilməsi istiqamətində iş aparmışdır.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində professor-müəllim heyətinin iştirakı ilə seminarlar keçirilmiş və ekspert tərəfindən Latviya ali təhsil məkanının Bolonya prosesinə qoşulması sahəsində təcrübəsi ilə bağlı təqdimat edilmişdir.

Latviyalı ekspert eləcə də təhsil proqramlarının səriştə əsaslı və tələbə yönümlü təlim nəticələrinin formalaşdırılması ilə bağlı təqdimatla çıxış etmişdir. Hər iki təqdimat universitetlərin professor-müəllim heyəti və seminarlarda iştirak edən tələbələri tərəfindən böyük maraqla qarşılanmışdır.