News

05 Apr
Pilot ATM-lərdə təlim nəticələrinin yazılması mövzusunda seminarlar keçirilib

1-5 aprel 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Tvinninq layihəsinin “Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə təkmilləşdirilməsi” adlı  ikinci komponenti  çərçivəsində ölkəmizə Litvanın Sosial Fond Agentliyinin ali təhsil üzrə eksperti İnga Juknytė-Petreikienė səfər edib.

Missiyanın məqsədi layihə çərçivəsində seçilmiş təhsil proqramlarının tələbə-yönümlü və kompetensiyaya-əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə dəstəklənməsi olmuşdur.

Missiya zamanı layihə çərçivəsində pilot olaraq seçilmiş ali təhsil müəssisələrində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti) pilot təhsil proqramlarının yazılmasında iştirak edən nümayəndələrin iştirakı ilə seminarlar keçirilmişdir. Seminarlar zamanı ali təhsilin müxtəlif səviyyələri üzrə (AzKÇ-ə əsaslanaraq) təlim nəticələrinin yazılması, təlim nəticələrinin yazılması sahəsində qabaqcıl beynəlxalq təcrübə və ayrı-ayrı fənlər üzrə yazılan təlim nəticələrinin ümumilikdə təhsil proqramının təlim nəticələri ilə uyğunluğunun təmin edilməsi kimi mövzular əhatə olunmuşdur.

Seminarların sonunda ayrı-ayrı təhsil proqramlarını təmsil edən nümayəndələrə pilot təhsil proqramlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən Avropa təcrübəsinə uyğun hazırlanmış yeni versiyası üçün təlim nəticələrinin yazılması ilə bağlı tapşırıq verilmişdir. 2.2 saylı Fəaliyyət çərçivəsində həyata keçirilməsi planlaşdırılan növbəti missiyalar zamanı universitet nümayəndələri tərəfindən yazılacaq təlim nəticələrinin Tvinninq ekspertlərinin iştirakı ilə müzakirə olunaraq pilot təhsil proqramlarına daxil edilməsi nəzərdə tutulur.