News

17 Sep
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 5-ci iclası keçirilib

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 5-ci iclası 13 sentyabr tarixində Təhsil Nazirliyində keçirilib.

 

İclasda Avropa İttifaqına üzv ölkələri təmsil edən layihə rəhbərləri ilə yanaşı, benefisiar ölkədən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndəsi, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Benefisiar ölkədən layihə rəhbəri cənab Şahin Bayramov ölkə prezidentinin fərmanı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edildiyindən, görüşdə layihə rəhbərini Təhsil Nazirliyinin Ali təhsil şöbəsinin müdir əvəzi, Apparat rəhbərinin müavini Yaqub Piriyev əvəz edib.

Piriyev Fransa, Litva və Latviyadan olan layihə rəhbərlərini öz şöbəsi adından salamlayaraq bildirib ki, bu günədək layihə planlaşdırıldığı kimi həyata keçirilmişdir. 

O xüsusilə layihə çərçivəsində yenilənməsi üçün seçilmiş pilot təhsil standartlarına toxunub və qeyd edib ki, Tvinninq layihəsinin ekspertləri tərəfindən yenilənəcək təhsil proqramları 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsinə uyğun seçilmişdir.

Piriyev onu da bildirib ki, Strategiyada prioritet kimi müəyyənləşdirilmiş Kompüter elmləri, İnformasiya Texnologiyaları və Kompüter Mühəndisliyi təhsil proqramları layihə ekspertləri tərəfindən qabaqcıl Avropa təcrübəsi əsasında artıq yenilənmişdir.

O həmçinin qeyd edib ki, Tvinninq layihəsi çərçivəsində yenilənmiş təhsil proqramları növbəti illərdə səriştə əsaslı yeni təhsil proqramlarının hazırlanmasında çox yaxşı bir nümunə olacaq.

Fransadan olan layihə rəhbəri Bruno Curvale öz növbəsində bildirib ki, “öz həmkarlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni edirik”.

“Layihə yerli vəziyyətə uyğunlaşmağa çalışır. Əsl işçi mühit şəraitində işləyirik. Layihənin tamamlanmasına hələ altı ay qalıb”, Curvale bildirib.

Layihə rəhbəri həmçinin layihədən sonra (layihə) fəaliyyətlərinin necə davam edəcəyi barədə də düşünmək lazım olduğunu qeyd edib.

Latviyadan olan layihə rəhbəri Baiba Ramina öz növbəsində bildirib ki, “layihə uğurla və rahat şəkildə icra olunmaqdadır. İnanıram ki, layihə çərçivəəsində yaxşı nəticələr əldə ediləcək”.

Öz növbəsində layihənin kordinatoru Yelizaveta Bydanova beşinci rüb üzrə layihənin icrası istiqamətində aparılan işləri komponentlər üzrə iştirakçıların diqqətinə çatdırıb.

“Beşinci rübdə 16 ekspert missiyası və 80 iş günü həyata keçirilmişdir. Bununla yanaşı, layihə əvvəlindən bu günə qədər 56 ekspert missiyası və 179 ekspert günü həyata keçirilmişdir”,  Bydanova bildirib.

“Layihənin növbəti rübü ərzində layihə kifayət qədər gərgin iş rejimində çalışacaqdır," deyə o əlavə edib. 

“Layihənin tədbirlərində çoxlu sayda insanın qatılması bizə ortaq dil tapmağa kömək edir”, deyə Litvadan olan layihə rəhbəri Giedrius Viliunas bildirib.

Daha sonra benefisiar ölkədən olan komponent rəhbərləri ötən rüb ərzində rəhbərlik etdkləri komponentlər çərçivəsində görülən işlər barədə qısa məlumat veriblər.

Sonda Komitə üzvləri tərəfindən növbəti iclasın 2019-cu ilin noyabr ayının 27-də keçirilməsi ilə bağlı qərar qəbul edilib. 


 

***

 

Hər üç ölkədən olan layihə rəhbərləri Bakıya səfərləri çərçivəsində həm də Azərbaycan Texniki Universitetinin yeni təyin olunmuş rektoru Vilayət Vəliyevlə görüşüblər. Görüş zamanı universitet tərəfindən Tvinninq layihəsi çərçivəsində görülən işlər və gələcək əməkdaşlıq sahələri müzakirə olunub.