News

28 Nov
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 6-cı iclası keçirilib

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 6-cı iclası 27 noyabr tarixində Təhsil Nazirliyində keçirilib.

 

İclasda Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, benefisiar ölkədən Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin heyəti, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı iştirak edib.  


Benefisiar ölkədən layihə rəhbəri Şahin Bayramov Fransa və Litvadan olan layihə rəhbərlərini Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin adından salamlayaraq İdarəetmə Komitəsinin 6-cı iclasını açıq elan edib.

Daha sonra Bayramov son rüb ərzində layihə çərçivəsində görülmüş işlərin qısa xülasəsini verib.

Layihə rəhbəri son dövr ərzində layihə çərçivəsində pilot olaraq seçilmiş təhsil proqramlarının yenilənməsi istiqamətində aparılan işi xüsusilə vurğulayıb. Bayramov bildirib ki, təxminən 140-a yaxın təhsil proqramlarının yaxın zamanlarda yenilənməsi və 2020-ci ildən başlayacaq yeni tədris ilindən tətbiq olunması və bu proses zamanı təhsil proqramlarının Tvinninq ekspertləri tərəfindən hazırlanmış yeni formatından istifadə olunması nəzərdə tutulur.

“Biz artıq layihənin sonlarına yaxınlaşırıq və layihənin nəticələrinin dayanıqlığı barədə düşünməliyik,” Fransadan olan layihə rəhbəri Bruno Curvale bildirib.

“Layihə nəticələrinin dayanıqlığı çox vacib əhəmiyyət kəsb edir,” Curvale vurğulayıb.  

Layihənin Rezident Tvinninq Müşaviri Liza Bıdanova öz növbəsində altncı rüb üzrə layihənin icrası istiqamətində aparılan işləri komponentlər üzrə iştirakçıların diqqətinə çatdırıb.

“Beşinci rübdə 13 ekspert missiyası və 63 iş günü həyata keçirilmişdir,” RTM bildirib.

Layihənin koordinatoru bildirib ki, layihənin növbəti rübü ərzində həyata keçiriləcək missiyalar əsasən pilot universitetlərdə seçilmiş təhsil proqramlarının simulyativ qiymətləndirilməsinin təşkili ilə bağlı olacaq.

Daha sonra benefesiar ölkədən olan komponent rəhbərləri son rüb ərzində komponentləri çərçivəsində görülən işlər barədə qısa məlumat veriblər.

Sonda Komitə üzvləri tərəfindən növbəti iclasın 2020-cu ilin fevral ayının sonlarında keçirilməsi bağlı qərar qəbul edilib.


***

Avropa İttifaqından olan icraçı təşkilatları təmsil edən  layihə rəhbərləri Bakıya səfərləri çərçivəsində həm də Təhsil Nazirliyinin Ali təhsil şöbəsinin müdir əvəzi, Apparat rəhbərinin müavini Yaqub Piriyevlə görüşüblər. Görüş zamanı layihə rəhbərləri Tvinninq layihəsinin ekspertləri tərəfindən bu günə qədər verilmiş tövsiyələrin layihə rəhbərlərinin tərəfindən işlənib hazırlanmış xülasəsini cənab Piriyevə təqdim ediblər. Layihə rəhbərləri bu layihə sənədinin faydalı olacağına ümid etdiklərini və sənədin müzakirələrə və rəylərə açıq olduğunu bildiriblər.

 

Photos