News

04 Jun
Latviya və Litvaya növbəti təlim səfəri həyata keçirilib

27-31 May 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsini, Akkreditasiya və Nostrifikasiya İdarəsini, eləcə də Tvinninq layihəsi çərçivəsində pilot olaraq seçilmiş yerli ali təhsil müəssisələrini təmsil edən 8 nəfərdən ibarət nümayəndə heyəti Litva və Latviyada təlim səfərində olmuşdur.

Təlim səfərinin məqsədi xarici keyfiyyət təminatı prosesinin təşkili sahəsində Avropa təcrübəsi, bu sahədə mövcud qanunvericilik bazası, tətbiq olunan qiymətləndirmə metodları (meyarlar, göstəricilər), eləcə də Latviya və Litvada xarici keyfiyyət qiymətləndirməsini təmin edən təşkilatları ilə tanışlıq olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Latviyanın Təhsil və Elm Nazirliyində və Akademik Məlumat Mərkəzində (AİC) olmuş, Latviyada ali təhsildə keyfiyyətin təminatı üzrə mövcud dövlət strategiyası ilə tanış olmuşlar. Riqa Stradiņš Universitetinə səfər zamanı isə səfər iştirakçıları universitetdə mövcud daxili keyfiyyət təminatı prosedurları və özünütəhlil hesabatlarının yazılması təcrübəsi barədə məlumatlandırılmışlar.

Litvaya səfər zamanı tədris səfərinin iştirakçıları Tədqiqat və ali təhsilin monitorinqi və təhlili mərkəzi (MOSTA) və Ali təhsildə keyfiyyət təminatı mərkəzində (SKVC) olmuşlar. Tədqiqat və ali təhsilin monitorinqi və təhlili mərkəzinə səfər zamanı Litvada xarici keyfiyyət təminatı sahəsində mövcud qanunvericilik bazası, universitetlərlə iş və kommunikasiya, qiymətləndirmə hesabatlarının hazırlanması və dərc olunması təcrübəsi ilə bağlı müvafiq təqdimatlar edilmişdir. Ali təhsildə keyfiyyət təminatı mərkəzində (SKVC) isə iştirakçılara keyfiyyət təminatı və tanınma arasında əlaqədən bəhs edilmişdir.

Bundan başqa, iştirakçılar ISM İdarəetmə və Tədqiqat Universitetində olmuş, universitetin daxili keyfiyyət təminatı prosedurları və müxtəlif proqramların idarə olunması sahəsində təcrübəsi ilə tanış olmuşlar.