News

23 Jun
Proqram akkreditasiyası üzrə qiymətləndirmə sistemi nəzərdən keçirilib

16, 17 və 19 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Zoom platforması üzərindən baş tutan missiya Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində baş tutmuşdur.

Onlayn missiya  Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktoru Yolanta Silka və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin Təhsil proqramlarının qiymətləndirilməsi şöbəsinin rəhbəri Almantas Serpatauskas tərəfindən həyata keçirilmişdir.     

Missiyanın məqsədi Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən gələcəkdə proqram akkreditasiyası zamanı tətbiq olunacaq qiymətləndirmə sisteminin nəzərdən keçirilməsi, bu sistemin daha da təkmilləşdirilməsi məqsədi ilə təkliflərin verilməsi olmuşdur.

Üç günlük missiya çərçivəsində Tvinninq layihəsinin ekspertləri və TKTA-nın Akkreditasiya və Lisenziyalaşdırma şöbəsinin əməkdaşları arasında onlayn görüşlər keçirilmiş, qiymətləndirmə sistemi ilə bağlı müzakirələr aparılmış və keyfiyyət təminatı sahəsində qabaqcıl Avropa təcrübəsi nəzərə alınaraq bu sistemin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdür.

Bundan başqa, müzakirələr zamanı ekspertlər tərəfindən proqram akkreditasiyası üzrə yol xəritəsinin ilkin variantının hazırlanması ilə bağlı razılığa gəlinib.