News

29 Nov
Növbəti təhsil proqramının simulyativ qiymətləndirilməsi aparılıb

25-29 noyabr 2019-cu il tarixlərində Tvinninq layihəsinin “Hər bir pilot universitetdə prioritet sahədən olan təhsil proqramının simulyativ akkreditasiyasının həyata keçirilməsi” adlanan 3.7 saylı fəaliyyəti çərçivəsində sayca üçüncü missiya həyata keçirilmişdir.

Missiya Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti İlva Qriqoryeva və Latviya Universitetinin Məktəbəqədər və İbtidai Təhsil kafedrasinin müdiri İneta Helmane tərəfindən həyata keçirilmişdir.  

Missiyanın məqsədi Tvinninq layihəsinin pilot universitetləri olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Mühəndislik Universitetində Riyaziyyat müəllimliyi ixtisası üzrə tədris olunan təhsil proqramlarının simulyativ qiymətləndirilməsinin aparılması olmuşdur.

Yuxarıda qeyd olunan təhsil proqramının simulyativ qiymətləndirilməsinə cəlb olunmuş ekspert qrupu iki sahə ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), iki keyfiyyət təminatı ekspertindən (bir yerli və bir Avropa İttifaqı eksperti olmaqla), bir tələbə və bir işəgötürəndən təşkilatın nümayəndəsindən ibarət olmuşdur.

Missiyanın ilk günü ekspertlər Təhsil Nazirliyinin Akkreditasiya şöbəsində toplaşaraq ATM-lərin Riyaziyyat müəllimliyi proqramı üzrə təqdim etdikləri özünütəhlil hesabatlarını müzakirə etmiş, müsahiblər zamanı veriləcək sualları üzərində iş aparmış və digər lazimi hazırlıqları aparmışlar.

Daha sonra ekspertlər hər üç universitetə bir günlük səfər etmişlər. Sahə səfərləri çərçivəsində universitetlərin rəhbərliyi, özünütəhlil hesabatını hazırlayan qrupun üzvləri, tələbələr və işəgötürən təşkilatların nümayəndələri ilə müsahibələr keçirilmişdir. Ekspertlər həmçinin Riyaziyyat müəllimliyi təhsil proqramının tədrisində istifadə olunan maddi-texniki bazanı qiymətləndirmək məqsədi ilə universitetlərin auditoriyalarına və laboratoriyalarlna baxış keçirmişlər.

Simulyativ qiymətləndirmənin nəticəsi olaraq ekspert qrupu tərəfindən hər bir pilot universitetdəki Riyaziyyat müəllimliyi təhsil proqramı üzrə yekun qiymətləndirmə hesabatı hazırlanaraq həmin proqramın daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələr veriləcəkdir.

Tvinninq layhəsi çərçivəsində pilot olaraq seçilən digər təhsil proqramlarının (Kimya mühəndisliyi, İnformatika müəllimliyi, Kompüter elmləri və Xarici dil müəllimliyi) simulyativ qiymətləndirilməsi növbəti həftələrdə davam edəcək.