News

30 Jun
ATM-lərdə keyfiyyətin monitorinqi sistemi üzrə model layihəsi hazırlanıb

3, 16, 18, 22 və 25 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Zoom platforması üzərindən baş tutan missiya Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində baş tutmuşdur.

Onlayn missiya  Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin (AİKA)  Təhsilin Keyfiyyətinin Qiymətləndirilməsi üzrə Komissiyasının sədri Tatyana Volkova və Litvanın Dövlət Strateji Təhlil Mərkəzinin (STRATA) siyasi analitiki Rasa Pranskeviciute-Amoson tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi ali təhsil müəssisələrində keyfiyyətin monitorinqi sistemi, məlumatların toplanması, təhlili və vizuallaşdırılması (oxunaqlı bir şəkildə, rəqəmlər və qrafiklər yolu ilə təqdim edilmə) sahəsində qabaqcıl Avropa təcrübəsini paylaşmaq, eləcə də qabaqcıl Avropa təcrübəsi və yerli kontekstin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan üzrə Əsas Səmərəlilik Göstəricilərinə əsasında ali təhsil müəssisələrində keyfiyyətin monitorinqi üzrə modelin işlənib hazırlanması olmuşdur.

Beş günlük missiya çərçivəsində Tvinninq layihəsinin ekspertləri və Azərbaycanın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Analitik şöbəsinin əməkdaşları arasında onlayn görüşlər keçirilmiş, ATM-lərdə keyfiyyətin monitorinqinin aparılması üsulları,  bu sahədə Avropa ölkələrində, xüsusi ilə də Litva və Latviyada mövcud təcrübə Analitik şöbənin əməkdaşlarının diqqətinə çatdırılmışdır.

Missiyanın nəticəsi olaraq, Tvinninq layihəsinin ekspertləri tərəfindən “Azərbaycanda ali təhsil sisteminin inkişafının monitorinqi” adlı geniş bir hesabat hazırlanmış, hesabatda ali təhsilin monitorinqi üzrə qabaqcıl təcrübəyə dair nümunələr əksini tapmış, eləcə də Azərbaycanın ATM-lərində keyfiyyətin monitorinqi üzrə model layihəsi irəli sürülmüşdür.  

 

Photos