News

04 Oct
Xarici qiymətləndiricilər üçün təlimlərin növbəti mərhələsi təşkil olunub

30 sentyabr - 4 oktyabr 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin 3.6 saylı “Xarici qiymətləndiricilər üçün təlimin keçirilməsi və təlimləndirilmiş ekspert bankının yaradılması” fəaliyyəti çərçivəsində Azərbaycana ikinci ekspert missiyası həyata keçirilmişdir.

Missiya Fransanın Tədqiqat və Ali Təhsilin Qiymətləndirilməsi üzrə Agentliyinin (HCÉRES) ekspertləri Eliane KotlerMichelle Houppe tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi xarici ekspertlər üçün təlimlərin keçirilməsi və Təhsil Nazirliyinin Akkreditasiya şöbəsi üçün xarici qiymətləndirmə üzrə ekspert bankının yaradılmasından ibarət olmuşdur. Təlimlərlə iştirak etmiş şəxslər həmçinin Tvinninq layihəsi tərəfindən pilot universitetlərdə həyata keçiriləcək simulyativ proqram qiymətləndirilməsinə cəlb olunacaqlar.  

1-3 oktyabr tarixlərində Akkreditasiya şöbəsində keçirilmiş üç günlük təlimlərə Tvinninq layihəsinin həm pilot, həm də qeyri-pilot ali təhsil müəssisələrinin müxtəlif təhsil sahələrini təmsil edən professor-müəlim heyəti, eləcə də ADA Universitetinin magistr pilləsində təhsil alan tələbələri cəlb olunmuşdur.

Tvinninq layihəsinin təlimçi-ekspertləri təlim iştirakçılarını təhsil proqramlarının akkreditasiyasının hədəfləri və məqsədləri barədə məlumatlandırmış və Tvinninq layihəsi və Akkreditasiya şöbəsi tərəfindən birgə hazırlanmış Proqram Akkreditasiyası üzrə Metodologiya adlı sənədi onların diqqətinə çatdırmışlar.

Təlimlər zamanı həmçinin xarici qiymətləndiricinin vəzifələri və davranış qaydaları, özünütəhlil hesabatı üzərində işin qaydaları, müsahibələrin aparılma metodları, qiymətləndirmə hesabatının yazılma qaydaları, universitetlərin inkişafını təmin etmək üçün uyğun tövsiyələrin yazılması və pilot qiymətləndirmənin digər mühüm amilləri də əhatə edilmişdir.

Təlimlərin praktiki hissəsində layihə çərçivəsində ATM-lər tərəfindən pilot olaraq yazılmış özünütəhlil hesabatları üzərində iş aparılmışdır.

Təlimlərdə ümumilikdə 18 nəfər universitet nümayəndəsi və tələbə iştirak etmişdir.