News

24 Feb
İnnovativ təlim və qiymətləndirmə metodları mövzusunda təlimlərin növbəti mərhələsi keçirilib

17-21 fevral 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Tvinninq layihəsinin “Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə təkmilləşdirilməsi” adlı  ikinci komponenti  çərçivəsində ölkəmizə Litvanın Ali təhsildə keyfiyyətin qiymətləndirilməsi üzrə mərkəzinin Təhsil proqramlarının qiymətləndiriməsi üzrə komissiyasının sədri Linas Leonas və Latviyanın Akademik Məlumat Mərkəzinin Təhsil keyfiyyətinin qiymətləndirilmısi üzrə komissiyasının sədri Tatyana Volkova səfər etmişdir.

Missiyanın məqsədi pilot universitetləri təmsil edən professor-müəllim heyətinin nümayəndələri üçün “İnnovativ təlim, tədris və qiymətləndirmə metodları” mövzusunda təlimin təşkil edilməsi olmuşdur.

Missiya çərçivəsində Azərbaycan Texniki Universitetinində 18-20 fevral 2020-ci il tarixlərində təşkil olunmuş 3 günlük təlimlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetini təmsil edən nümayəndələr iştirak etmişdir.

Təlim zamanı avropalı ekspertlər tələbə-yönümlü və səriştələrə əsaslanan yanaşmanı özündə əks etdirən müxtəlif təlim və qiymətləndirmə metodlarını iştirakçıların diqqətinə çatdırmış və iştirakçıların bununla bağlı verilmiş praktik tapşırıqlar üzərində qrup şəklində çalışmasını təmin etmişlər.

Əsasən əyləncəli  və maraqlı praktiki iş şəklində təşkil olunmuş üç günlük təlimdə altı pilot universitetdən 32 müəllim iştirak etmişdir. Təlimin mövzusu və formatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Təlimlərin sonunda bütün iştirakçılara sertifikatlarlar təqdim olunmuşdur.

Qeyd edək ki, Tvinninq layihəsi çərçivəsində innovativ təlim və qiymətləndirmə metodları mövzusunda təlimlərin birinci mərhələsi ötən həftə Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunmuşdu.