News

12 Apr
Fizika üzrə dövlət standartının təklif olunan variantı ATM-lərlə müzakirə olunub

              8-12 aprel 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

             Tvinninq layihəsinin “Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə təkmilləşdirilməsi” adlı  ikinci komponenti  çərçivəsində ölkəmizə Fransanın Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru və həmin universitetin fizika fakültəsinin dekan müavini Filip Turek səfər edib.

            Missiyanın məqsədi Fizika ixtisası üzrə dövlət standartının layihə çərçivəsində hazırlanmış yeni variantının nəzərdən keçirilməsi və standartın müəyyən hissələrinin tamamlanması olmuşdur.  

             Missiya zamanı Bakı Dövlət Universitetində həmin universitetin və Sumqayıt Dövlət Universitetinin Fizika fakültəsini təmsil edən professor-müəllim heyətinin iştirakı ilə ikigünlük seminar keçirilmişdir. Seminarlar zamanı sözügedən dövlət standartının yeni variantı professor-müəllim heyətinin müzakirəsinə çıxarılmış və həmin sənədin təkmilləşdirilməsi məqsədi ilə məsləhətləşmələr aparılmışdır.

             Bundan başqa, avropalı ekspert bir neçə işəgötürən təşkilatın nümayəndəsi ilə görüşmüş, Fizika üzrə dövlət standartının yeni variantında əksini tapan kompetensiyaları onlarla müzakirə etmişdir.

               Sənədin yekun variantının hazırlanması məqsədi ilə növbəti aylarda Tvinninq layihəsinin eksperti və universitet nümayəndələrinin iştirakı ilə yeni görüşlərin keçirilməsi planlaşdırılır.