News

24 May
Xarici Dil Müəllimliyi ixtisası üzrə dövlət standartı yenilənib

             20-24 May 2019-cu il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

             Tvinninq layihəsinin “Prioritet sektorlar üzrə pilot təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə təkmilləşdirilməsi” adlı ikinci komponenti  çərçivəsində ölkəmizə Fransanın Strasburq Universitetinin Tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunun keçmiş direktoru, professor Ekart Hötzel  və Latviyanın Riga Stradins Universitetinin tədris işləri üzrə prorektoru Tatyana Koke səfər edib.

           Missiyanın məqsədi Xarici Dil Müəllimliyi ixtisası üzrə dövlət standartının yenidən nəzərdən keçirilməsi və missiyanın sonunda bu ixtisas üzrə dövlət standartının yenilənmiş variantının hazırlanması olmuşdur.

           Bu məqsədlə işəgötürənlər qismində orta məktəb direktorları ilə görüş keçirilmiş, xarici dil müəllimliyi ixtisasını bitirən məzunların hansı sahələrdə bilik və bacarıqlarını daha da təkmilləşdirmələri barədə onların rəyləri öyrənilmişdir.

            Bundan başqa, Xarici Dİl Müəllimliyi ixtisasının tədris olunduğu ali məktəblərin kafedra müdirləri və müəllim heyətinin iştirakı ilə seminar keçirilmiş, müvafiq təhsil proqramının yenilənməsində onların fikir və təklifləri öyrənilmişdir.

           Missiyanın sonunda ekspertlər tərəfindən aparılan müzakirələrin nəticəsi olaraq Xarici Dil Müəllimliyi ixtisası üzrə dövlət standartının yenilənmiş variantı hazırlanmış və Təhsil Nazirliyinin Ali Təhsil şöbəsinin nümayəndələri ilə müzakirə olunmuşdur. Yenilənmiş standartın nəzərdən keçirilməsi məqsədi ilə sözügedən ixtisasın tədris olunduğu universitetlərə göndərilməsi nəzərdə tutulur.