News

02 Mar
Tanınma sahəsində yerli təcrübə qiymətləndirilib

25 fevral - 1 mart 2019-cu il tarixlərində Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Azərbaycana növbəti ekspert missiyası həyata keçirilmişdir.

Sözügedən layihənin “Qanunverici və tənzimləyici çərçivəyə düzəlişlərin edilməsi ilə bağlı tövsiyələrin işlənib hazırlanması” adlı  dördüncü komponenti  çərçivəsində ölkəmizə Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Mərkəzinin informasiya və qiymətləndirmə üzrə mütəxəssisi Kristina Sutkute və Latviyanın Akademik Məlumat Mərkəzinin Diplomların Tanınması şöbəsinin müdir müavini İnara Dunska səfər etmişlər.

Missiyanın məqsədi ali təhsil müəssisələrində təhsil müddətlərinin tanınması üzrə təcrübənin qiymətləndirilməsi, institusional səviyyədə təhsil müddətlərinin təlim nəticələrinə əsaslanaraq tanınması ilə bağlı təkliflərin verilməsi, bu sahədəki qanunvericilik sənədlərinə düzəlişlərlə bağlı təkliflərin işlənib hazırlanması  və universitetlərdə tanınma prosedurlarının təkmilləşdirilməsi ilə bağlı təlimatların hazırlanması olmuşdur.

Missiya çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin, eləcə də Akkreditasiya və Nostrifikasiya İdarəsinin Nostrifikasiya şöbəsinin əməkdaşları ilə görüşlər keçirilmiş, Nostrifikasiya haqqında yeni qanun layihəsi nəzərdən keçirilmiş və sözügedən qanun layihəsinə düzəlişlərin edilməsi ilə bağlı təkliflər işlənib hazırlanmışdır.

Bundan başqa, missiya çərçivəsində Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetini təmsil edən nümayəndələrlə görüşlər keçirilmiş, bu universitetlərdə təhsil müddətlərinin tanınması sahəsində cari praktika öyrənilmiş və tanınma qaydalarının Avropa təcrübəsinə uyğun olaraq təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.