News

02 Mar
Tvinninq layihəsinin İdarəetmə Komitəsinin 7-ci iclası keçirilib

“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində layihənin İdarəetmə Komitəsinin 7-cı iclası 27 fevral 2020-ci il tarixində Təhsil Nazirliyində keçirilib.

İclasda Avropa İttifaqı tərəfindən layihəni icra edən təşkilatları təmsil edən layihə rəhbərləri ilə yanaşı, benefisiar ölkədən Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin heyəti, eləcə də Avropa İttifaqının Bakı Nümayəndəliyinin əməkdaşı iştirak edib.  

Təhsil Nazirliyinin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev iclası açıq elan edərək Fransa, Litva və Latviyadan olan layihə rəhbərlərini salamlayıb.

Daha sonra Piriyev son rüb ərzində layihə çərçivəsində görülmüş işlər barədə qısa məlumat verərək bu barədə daha ətraflı məlumatın layihənin ayrı-ayrı komponentlərinin rəhbərləri tərəfindən təqdim olunacağını deyib. 

Piriyev son dövr ərzində layihə çərçivəsində pilot olaraq seçilmiş təhsil proqramlarının yenilənməsi istiqamətində aparılan işi xüsusilə vurğulayıb.

“Çalışacağıq ki, layihə çırçivəsində görülən işlər kağız üzərində qalmasın və həyata keçirilsin,” deyə Piriyev vurğulayıb.

Daha sonra layihənin Fransadan olan Layihə Rəhbəri Bruno Curvale bildirib ki, “layihənin gedişatı bizi qane edir.”

Layihənin Rezident Tvinninq Müşaviri Liza Bıdanova öz növbəsində yeddinci rüb üzrə layihənin icrası istiqamətində aparılan işləri komponentlər üzrə iştirakçıların diqqətinə çatdırıb

“Beşinci rübdə 17 ekspert missiyası və 85 iş günü həyata keçirilmişdir,” RTM bildirib.

Layihənin koordinatoru bildirib ki, layihənin son rübü ərzində həyata keçirilmiş missiyalar əsasən pilot universitetlərdə seçilmiş təhsil proqramlarının simulyativ qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı olub və ümumilikdə pilot universitetlərdə 19 simulyativ qiymətləndirmə həyata keçirilib.

Bundan başqa, seçilmiş ixtisaslar üzrə təhsil proqramlarının yenilənməsi istiqamətində iş Tvinninq layihəsinin ekspertləri tərəfindən yekunlaşdırılıb və hal-hazırda bu iş universitet nümayəndələri tərəfindən davam etdirilməkədir.

Daha sonra benefesiar ölkədən olan komponent rəhbərləri son rüb ərzində komponentləri çərçivəsində görülən işlər barədə qısa məlumat veriblər.

Photos