News

03 Jul
Yeni hazırlanmış tanınma qaydaları nəzərdən keçirilmişdir

9, 10, 23 və 26 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir. Zoom platforması üzərindən baş tutan missiya Tvinninq layihəsinin “Hüquqi-tənzimləyici çərçivəyə düzəlişlərə dair tövsiyələrin verilməsi” adlı dördüncü komponenti  çərçivəsində baş tutmuşdur.

Onlayn missiya  Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Mərkəzinin informasiya və qiymətləndirmə üzrə mütəxəssisi Kristina Sutkute və Latviyanın Akademik Məlumat Mərkəzinin Diplomların Tanınması şöbəsinin müdir müavini İnara Dunska tərəfindən həyata keçirilmişdir.      

Missiyanın məqsədi Təhsil Nazirliyinin yeni yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların Tanınması Departamenti tərəfindən yeni hazırlanmış xarici diplomların tanınması üzrə qaydaların nəzərdən keçirilməsi, həmin qaydaların “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyası ilə uyğunluğunun təmin edilməsi məqsədi ilə təkliflərin verilməsi olmuşdur.

Dörd günlük missiya çərçivəsində Tvinninq layihəsinin ekspertləri və Kvalifikasiyaların Tanınması Departamentinin əməkdaşları arasında onlayn görüşlər keçirilmiş, sözügedən sənəd və həmin sənədin əlavələri ilə bağlı müzakirələr aparılmışdır. Ümumulikdə, yeni hazırlanmış qaydalar ekspertlər tərəfindən qabaqcıl beynəlxalq təcrübəyə doğru mühüm addım kimi qiymətləndirilmişdir.

Missiyanın nəticəsi olaraq ekspertlər sənədin Lissabon Konvensiyası, eləcə də bu sahədəki digər beynəlxalq sənədlərlə uyğunluğunun təmin edilməsi məqsədi ilə konkret təkliflər işləyib hazırlamış, kvalifikasiyaların tanınmasında istifadə olunan “kəskin fərq” anlayışı ilə bağlı şərhlər vermiş, bu anlayışın praktikada tətbiqinə dair öz təcrübələrini, eləcə də kvalifikasiya qiymətləndiriciləri üçün faydalı ola biləcək digər praktiki məlumatları paylaşmışlar. Bundan başqa, ekspertlər missiyanın nəticəsi olaraq hesabat hazırlamış və həmin hesabatda kvalifikasiyaların tanınmasına dair qərarların ədalətli, sürətli və səmərəli şəkildə verilməsinin təmin edilməsi məqsədilə tövsiyələr vermişlər.

Photos