22, 26 və 30 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin
gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir.
Zoom platforması üzərindən baş tutan missiya Tvinninq
layihəsinin “Hüquqi-tənzimləyici
çərçivəyə düzəlişlərə dair tövsiyələrin verilməsi” adlı dördüncü
komponenti çərçivəsində baş tutmuşdur.
Onlayn missiya
Litvanın
İdarəetmə və İqtisadiyyat Universitetinin (ISM University of Economic and
Management) Keyfiyyət Mərkəzinin direktoru Jolita Butkiene, həmin ölkənin
Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora
Skaburskiene və Latviyanın Ali
Təhsildə Keyfiyyət Agentliyinin (QAHE) direktoru Jolanta Silka tərəfindən həyata keçirilmişdir.
Missiyanın məqsədi Tvinninq layihəsi
və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən
oktyabr 2019-cu il-yanvar 2020-ci il müddətində pilot universitetlərdə seçilmiş
proqramlar üzrə birgə aparılmış simulyativ akkreditasiyanın nəticələrinin
yekunlaşdırılması və proqram akkreditasiyası sahəsində beynəlxalq təcrübənin
paylaşılması olmuşdur.
Üç günlük missiya çərçivəsində
Tvinninq layihəsinin ekspertləri daha əvvəl Tvinninq layihəsi və TKTA-nın
Akkreditasiya və Lisenziya şöbəsinin əməkdaşları tərəfindən birgə hazırlanmış və
seçilmiş proqramların simulyativ akkreditasiyası zamanı sınaqdan keçirilmiş “Təhsil
proqramlarının qiymətləndirilməsi metodologiyası üzrə təlimat kitabçasını”, eləcə
də “Proqram akkreditasiyası üzrə qaydalar” adlı layihə sənədini bir daha nəzərdən
keçirmiş, simulyativ qiymətləndirmələrin nəticələri və qabaqcıl Avropa təcrübəsini
nəzərə alaraq bu sənədlərin daha da təkmilləşdirilməsi üçün öz təkliflərini
vermişlər.
Bundan başqa, 30 iyun-da sözügedən missiya çərçivəsində simulyativ proqram akkreditasiyasının nəticələri və proqram akkreditasiyası üzrə beynəlxalq təcrübə mövzusunda onlayn seminar keçirilmişdir.
Seminara pilot universitetlərdə proqram akkreditasiyasından əvvəl özünütəhlil hesabatlarının yazılmasına cəlb olunmuş universitet nümayəndələri, eləcə də simulyativ proqram akkreditasiyalarını həyata keçirən ekspert komissiyalarında təmsil olunan yerli ekspertlər qoşulmuşdur.
Onlayn seminar zamanı ekspertlər simulyativ proqram akkreditasiyasının nəticələrini təqdim etmiş, bütövlükdə akkreditasiya prosesində müşahidə etdikləri müsbət cəhətləri və çatışmamazlıqları vurğulamış, qiymətləndirilən bütün sahələr üzrə əldə olunan nəticələri, xüsusilə də ən mühüm məqamları seminar iştirakçılarının diqqətinə çatdırmışlar.
Ekspertlər eləcə də proqram səviyyəsi üzrə qiymətləndirmə meyarlarının simulyativ akkreditasiyanın nəticələri və müvafiq qanunvericilik sənədləri nəzərə alınmaqla yenilənməsinə dair təqdimat etmişlər.
Digər bir təqdimat proqram
akkreditasiyası sahəsində qabaqcıl təcrübə ilə bağlı olmuş və Tvinninq layihəsinin
eksperti Latviya, Estoniya, Avstriya və Norveçdə bu sahədə mövcud olan təcrübəni
iştirakçıların diqqətinə çatdırmışdır.
Qeyd edilməlidir ki, Tvinninnq
layihəsi çərçivəsində 8 universitetdə (BDU, ADNSU, ADPU, AzTU, BMU, ADU, SDU) 6
təhsil proqramı üzrə ümumilikdə 23 simulyativ akkreditasiya aparılıb.