News

11 Mar
Tvinninq layihəsi çərçivəsində Fransaya tədris səfəri təşkil olunub

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək" Tvinninq layihəsi çərçivəsində 2-6 mart tarixlərində Fransaya tədris səfəri təşkil olunmuşdur.

Tədris səfərində Təhsil Nazirliyi, layihənin pilot ali təhsil müəssisələri və Tvinninq layihəsini təmsil edən 9 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Səfərin məqsədi Fransa universitetlərində tələbə yönümlü yanaşma sahəsində tətbiq olunan qabaqcıl təcrübə, eləcə də bu yanaşma ilə bağlı dövlət səviyyəsində yürüdülən siyasətlə tanışlıq olmuşdur.

Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsini, eləcə də yeni yaradılmış Təhsildə Keyfiyyət Agentliyini təmsil edən səfər iştirakçıları bu məqsədlə Fransanın Beynəlxalq Təhsil Təşkilatında, Fransanın Ali təhsil, Elmi Tədqiqat və İnnovasiyalar Nazirliyində və Ali Təhsil və Elmi Tədqiqatın Qiymətləndirilməsi üzrə Ali Şurasında (HCERES) görüşlər keçirmişlər.  Görüşlər zamanı səfər iştirakçıları Fransanın ali təhsil sistemi, təhsil proqramlarının və ATM-lərin akkreditasiyası prosesi, eləcə də ali təhsilin keyfiyyətinin yüksəldilməsi və Fransa universitetlərinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində Ali təhsil, Elmi Tədqiqat və İnnovasiyalar Nazirliyi tərəfindən aparılan islahatlar barədə ətraflı məlumatlandırımışlar. 

Bundan başqa, nümayəndə heyəti Saint Quentin en Yvelines Universiteti, Strasburq Universiteti, Cergy-Pontoise universitetlərində olmuş, bu universitetlərdə təhsil proqramları səviyyəsində tətbiq olunan tələbə yönümlü yanaşma, eləcə də bu universitetlərdə mövcud tələbə həyatını təmin etmək üçün həyata keçirilən müxəlif tələbə yönümlü xidmətlər barədə məlumatlandırılmış, həmin universitetlərin nəzdindəki tələbə evlərinə baş çəkmişlər.

Səfərin yekunu olaraq səfər iştirakçıları, xüsusi ilə ali təhsil müəssisələrini təmsil edən nümayəndələr tərəfindən səfər zamanı öyrənilmiş təcrübə barədə nəticələrin çıxarılması və bu sahədə görüləcək tədbirlərlə bağlı fəaliyyət planının hazırlanması gözlənilir.