News

09 Jul
Tvinninq ekspertəri Xarici dil müəllimliyi proqramının yekunlaşdırılmasında iştirak ediblər

19, 25 və 29  iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Zoom platforması üzərindən baş tutan missiya Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla və kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı  birinci komponenti  çərçivəsində baş tutmuşdur.

Onlayn missiya Fransanın Strasburq Universitetinin təqaüddə olan professoru Eckhart Hotzel, Latviyanın Riga Stradins Universitetinin tədris işləri üzrə prorektoru Tatjana Koke və Litvanın Avropa Sosial Fond Agentliyinin təhsilin inkişafı və qiymətləndirilməsi üzrə eksperti Daiva Lepaite  tərəfindən həyata keçirilmişdir.     

Missiyanın məqsədi Tvinninq layihəsi çərçivəsində daha öncə yuxarıda qeyd olunan ekspertlərin iştirakı ilə yenilənmiş Bakalavr pilləsinin Xarici Dil Müəllimliyi üzrə təhsil proqramının daha da təkmilləşdirilməsi, proqramın pedaqoji internatura hissəsi və tədris olunmalı ixtisas fənləri üzərində işin yekunlaşdırılması olmuşdur.

Bu məqsədlə Tvinninq layihəsinin ekspertləri Təhsil Nazirliyi tərəfindən Pedaqoji ixtisaslar üzrə yaradılmış İşçi Qrupun nümayəndələri ilə onlayn seminar keçirmiş, pedaqoji internatura ilə bağlı təmsil etdikləri üç müxtəlif Avropa ölkəsi, eləcə də digər Avropa ölkələrində mövcud olan təcrübəni paylaşmışlar. Seminarın nəticəsi olaraq pedaqoji ixtisaslar üzrə İşçi Qrupun daxili görüşünün keçirilməsi və əldə olunmuş təcrübə əsasında və yerli xüsusiyyətlər nəzərə alınmaqla pedaqoji internaturanın yerli modelinin hazırlaması barədə qərar qəbul edilmişdir.

Bundan başqa, ekspertlər Xarici dil müəllimliyi ixtisasının tədris olunduğu universitetlərin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti) müvafiq nümayəndələri ilə onlayn görüş keçirmiş, Xarici dil müəllimliyi ixtisasında tədris olunmalı olan ixtisas fənləri ilə bağlı fikir mübadiləsi aparmış, öz ölkələrində, eləcə də digər Avropa ölkələrində bu sahədə mövcud olan təcrübəni paylaşmışlar.

Missiyanın nəticəsi olaraq ekspertlər müştərək missiya hesabatı hazırlamış, yuxarıda qeyd olunan məsələlərlə bağlı öz təcrübə və təkliflərini bölüşmüşlər.