Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Avropa İttifaqının “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək”
Tvininq layihəsinin birgə təşkilatçılığı ilə 10 iyul 2020-ci il tarixində saat
11:00-14:00-da Tvinninq layihəsinin yekun konfransı keçirilib.
Onlayn formatda keçirilən konfransın məqsədi son
iki ildə həyata keçirilən layihənin nəticələrini yekunlaşdırmaq, layihə çərçivəsində
ölkənin ali təhsil sistemində görülən işləri barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Konfransda layihənin rəhbərliyi, eləcə də Azərbaycan
Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin
Elm, ali və orta ixtisas təhsili şöbəsinin və Təhsildə Keyfiyyət Təminatı
Agentliyinin əməkdaşları və layihənin altı pilot universitetlərinin rektorları
iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan təhsil nazirinin
müavini Firudin Qurbanov bildirmişdir ki, son illər Azərbaycanın ali təhsil
sistemində əsaslı islahatlar aparılmış, ali təhsilin əlçatanlığı daha da genişləndirilmişdir.
“Azərbaycan Bolonya Prosesinə 2005-ci ildə qoşulmuşdur. Həmin dövrdən
başlayaraq Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığının
genişləndirilməsi, maliyyələşdirilməsi, beynəlxalq əlaqələrin möhkəmləşdirilməsi
və digər sahələrində əsaslı islahatlar aparmışdır. Hazırda ölkəmizin ali təhsili
2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”na və Avropa Ali Təhsil Məkanı çərçivəsində hazırlanmış
tövsiyələrə, bu sahədə dünya təcrübəsinə uyğun olaraq inkişaf etdirilir, deyə
Firudin Qurbanov qeyd edib.
“Hazırda ali təhsil müəssisələrində dövlət sifarişində təhsil alan tələbələrin sayı təxminən 45% təşkil edir. Dövlət sifarişi üzrə qəbul planı ötən ilə nisbətən 66% növbəti tədris ili üçün əlavə olaraq 7% artırılmışdır. Dünyanı bürümüş COVİD-19 pandemiyasının törətdiyi fəsadları nəzərə alaraq dövlətimiz sosial baxımdan həssas ailə qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərini öz üzərinə götürmüşdür. Bu məqsəd üçün ölkə Prezidentinin müvafiq sərəncamı ilə dövlət büdcəsindən vəsait ayrılmışdır və həmin qərar təxminən 22 min tələbəni əhatə edəcək,” deyə nazir müavini vurğulayıb.
Daha sonra Avropa İttifaqının Bakı
Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas çıxış edərək bildirib ki,
layihənin pandemiya dövründə öz fəaliyyətinə davam etməsi müsbət bir haldır.
“Bu layihə Avropa İttifaqı və Azərbaycan
arasına həyata Tvinninq tərəfdaşlığı proqram çərçivəsində həyata
keçirilir. Azərbaycan Avropa İttifaqı ilə
eləcə də Şərq tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Ötən il bu
proqramın artıq 10 illiyi qeyd olundu,” deyə səfir qeyd edib.
Daha sonra layihə rəhbərləri çıxış edərək
son iki il ərzində layihə çərçivəsində görülmüş işlərlə bağlı hesabat vermişlər.
Pilot universitetlərin də rektorları
çıxış edərək layihənin universitetlər üçün müsbət nəticələri barədə təqdimatla çıxış ediblər.
İcrasına 2018-ci ilin aprel ayında
başlanılan bu layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil
olunduğu konsorsium tərəfindən həyata keçirilib. Layihə 2015-2017-ci illərdə
“Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi
istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı
Tvinninq layihəsinin davamı olaraq aparılıb.
Son iki il ərzində icra edilmiş layihənin
əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə
və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqla daha da inkişaf etdirmək ibarət olmuşdur.