News

20 Jun
Təhsil proqramlarının qiymətləndirilməsi üzrə meyarlar üzərində iş yekunlaşdırılıb

15, 17 və 18 iyun 2020-ci il tarixlərində Avropa İttifaqının Tvinninq proqramının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində növbəti ekspert missiyası həyata keçirilmişdir.

Zoom platforması üzərindən baş tutan missiya Tvinninq layihəsinin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədi ilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində baş tutmuşdur.

Onlayn missiya Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin (ISM University of Economics and Management) Keyfiyyət Mərkəzinin direktoru Jolita Butkiene tərəfindən həyata keçirilmişdir.

Missiyanın məqsədi “Təhsil proqramlarının qiymətləndirilməsi üzrə kriteriyatalar cədvəli” adlı sənəd üzərində aparılan işin yekunlaşdırılması olmuşdur.

Qeyd olunmalıdır ki, təhsil proqramlarının qiymətləndirilməsi üzrə meyarlar cədvəli layihənin daha əvvəlki aylarında Tvinninq layihəsinin ekspertləri və Təhsil Nazirliyinin Təhsil Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və Lisenziyalaşdırma şöbəsinin birgə işi nəticəsində hazırlanmış, daha sonra pilot universitetlərdə həyata keçirilən simulyativ proqram akkreditasiyası zamanı sınaqdan keçirilmişdi.

3 günlük missiya çərçivəsində Tvinninq layihəsinin eksperti və Akkreditasiya və Lisenziyalaşdırma şöbəsinin əməkdaşları arasında onlayn görüşlər keçirilmiş, sözügedən sənəd ilə bağlı müzakirələr aparılmışdır. Missiyanın nəticəsi olaraq keyfiyyət təminatı sahəsində qabaqcıl Avropa təcrübəsi, eləcə də yerli ali təhsil sisteminin xüsusiyyətləri nəzərə alınaraq sənəd üzərində iş yekunlaşdırılmışdır. 

Photos